YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan yeni hədəflərə doğru inamla irəliləyəcək!

Müsahibimiz YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov

- Azər müəllim, İlham Əliyev Zəfər seçkilərində böyük səs çoxluğu ilə qalib gələrək növbəti 7 il üçün Azərbaycan Prezidenti seçildi. Bu tarixi Qələbəni hansı amillər şərtləndirir?

- Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 20 il ərzində öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olmuş və hərtərəfli tərəqqiyə nail olmuşdur. Bu mərhələ bütün sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlar ilə xarakterizə olunur. İstər iqtisadi-sosial, istərsə də idarəçilik sisteminin təkmilləşdirilməsi və islahatların dinamizmi baxımından Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb. Qazanılan uğurlar sırasında Qarabağ Zəfəri xüsusi yer tutur. Prezidentimiz iqtisadiyyatı və ordumuzu gücləndirərək, diplomatik müstəvidə illər boyu yorulmadan fəal və təsirli iş apararaq, xalqımızı öz ətrafında dəmir yumruq kimi birləşdirərək Qələbəni addım-addım yaxınlaşdırdı. Ulu Öndərin vəsiyyətini yerinə yetirərək bizi doğma Qarabağımıza qovuşdurdu. Azərbaycanı qalib ölkəyə çevirdi, adını tariximizə qızıl hərflərlə yazdırdı. Ona görə də növbədənkənar prezident seçkiləri xalq tərəfindən Zəfər seçkiləri kimi dəyərləndirildi.

 7 fevral seçkisi suverenliyimizin tam bərpa olunduğu şəraitdə, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur daxil bütün ölkə ərazisində reallaşan ilk seçki idi. Son 30 ildə ilk dəfə olaraq – Xankəndidə, Şuşada, Laçında, Cəbrayılda, Füzulidə, Ağdamda, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda, Xocalıda, Xocavənddə, Suqovuşanda seçki məntəqələri yaradılmışdı. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verdilər. Cənab İlham Əliyevin səsvermə məntəqəsi kimi Xankəndini seçməsi simvolik məna daşıyır. Bu, dünyaya və dünya ermənizminə verilən mesajdır. Xankəndinin Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Biz bütün dünyaya sübut etdik Xankəndi, Şuşa, Xocalı və digər ərazilər Azərbaycandır.

Seçkilərdə səsləndirdiyimiz “Qalib xalqın Qalib Lideri” şüarı hər bir azərbaycanlının həyat amalına çevrildi. Səsvermə günü səhər saatlarından seçicilər kütləvi şəkildə seçki məntəqələrinə axın etdi, Azərbaycanda indiyədək keçirilən seçkilərdə görünməyən seçici fəallığı müşahidə olundu. İnsanların səs vermək üçün seçki məntəqələrinin qarşısında növbəyə dayanması dünya seçki praktikasında bir ilk idi. Seçkilərimizi müşahidə etmək üçün ölkəmizə gəlmiş 800-ə yaxın xarici müşahidəçi insanların öz Prezidentinə olan böyük etimadını və məhəbbətini əyani gördülər. Deyə bilərəm ki, ölkə əhalisinin hər bir nümayəndəsi cənab İlham Əliyevi yenidən dəstəklədi.

Beləliklə, İlham Əliyev seçicilərin 92,05 faizinin səsini qazanaraq seçkilərin qalibi oldu. Azərbaycan xalqı Zəfər seçkisində Qalib sərkərdə İlham Əliyevə bir daha ən yüksək etimadı göstərdi, ona dövlətimizin daha da inkişafı, güclənməsi üçün növbəti 7 illik mandat verdi. Bu münasibətlə axşam saatlarında paytaxt sakinləri bayraqlarla küçələrə axışaraq, İlham Əliyevin Prezident seçilməsini bayram edib. Fevralın 7-də keçirilən prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçilməsi xalqın öz Liderinə sarsılmaz inamından qaynaqlanmaqla, son iyirmi ildə görülən işlərə, qazanılan uğurlara verilən dəyərdir. 

- Prezident seçkilərindən sonra qarşıda yeni hədəflər və strateji vəzifələr durur. Növbəti mərhələ Azərbaycan üçün nə vəd edir?

- Ölkəmizdə keçirilən növbədənkənar prezident seçkiləri bütün dünya tərəfindən izlənilirdi. Qərb dairələrin seçkiyə maraqı daha böyük idi. Onlar gözləyirdilər ki, seçki günündə qanunsuzluqlar baş versin və onlar da bundan dövlətimizə təzyiq üçün istifadə etsinlər. Amma reallıq onların istəklərinin tamamilə əksini göstərdi. Bunu “exit-poll” keçirən müstəqil xarici təşkilatların nəticələrindən də görmək olur. Deyə bilərəm ki, xalqımız  ölkəmizə qarşı çirkin niyyətləri olanların arzularını ürəklərində qoydu.

İndi isə yeni bir dövrə qədəm qoyuruq. Bu yeni dövrdə xalqımız dövlət başçımızın yanında olduğunu nümayiş etdirməklə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmiş oldu. Xalqımız bu seçkidə göstərdiyi böyük dəstəklə dövlət başçısına yeni bir siyasi güc vermiş oldu. Beləliklə, dövlət başçımız xalqdan aldığı yeni güclə yeni dövrdə yeni hədəflərə doğru irəliləyəcəkdir. Yeni hədəflərin əhatə dairəsi çox genişdir. Bu, insanların sosial rifahının daha da yaxşılaşdırılması, iqtisadiyyatın rəqəmsallaşdırılması, təhsilin və səhiyyənin inkişafını yeni mərələyə gətirilməsi, Böyük Qayıdışın uğurla davam etdirilməsi, Ermənistanla dövlət sərhədinin daha da möhkəmləndirilməsi, Azərbaycanın ədalətli və haqlı mövqeyini bu gün bizə qarşı olan dövlətlərə qəbul etdirməsi, regional əməkdaşlığın inkişaf etdirilməsi və davamlı sülhün əldə olunması və digər istiqamətləri əhatə edəcəkdir. Dövlət başçımızın seçki qabağı açıqladığı proqramda da yeni dövrün hədəfləri geniş şəkildə şərh olunmuşdur. Qarşıdan gələn 7 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın həyatında qızıl hərflərlə yazılmış yeni dövrün olacağına heç bir şübhəmiz yoxdur.