YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın Siyasət Akademiyası “Azərbaycanda daxili sabitlik və təhlükəsizlik üçün mümkün təhdidlər, ölkədə səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyinin daha da möhkəmləndirilməsi siyasəti” mövzusunda sonuncu kursu keçirdi

Yanvarın  25-də Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyası “Azərbaycanda daxili sabitlik və təhlükəsizlik üçün mümkün təhdidlər, ölkədə səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyinin daha da möhkəmləndirilməsi siyasəti” mövzusunda sonuncu kursu təşkil etdi.

Kursda ilk olaraq Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı gənclər üçün “Azərbaycanda daxili sabitlik və təhlükəsizlik üçün mümkün təhdidlər” mövzusunda məruzə ilə çıxış etdi. Onun sözlərinə görə, son illər dünyanın müxtəlif bölgələrində, o cümlədən Avropada çox təhlükəli proseslər baş verib. Azərbaycanda isə xalqımız təhlükəsizlik şəraitində yaşayıb. Prezident İlham Əliyevin  qətiyyəti sayəsində Azərbaycan bütün risklərdən özünü qoruya bilib, bu gün də qoruyur və heç bir şübhə yoxdur ki, bundan sonra da qoruyacağıq. Azərbaycan xalqı ötən 17 il ərzində sabitlik şəraitində yaşayıb və yaşayır. Bu da ölkənin inkişafı üçün əsas şərtdir. Məlahət İbrahimqızı bildirdi ki, bu gün Azərbaycan regionda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir. Buna görə də ölkəmiz hazırda regional güc mərkəzi kimi bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Ölkəmiz konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Belə olan halda, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aktorları olan milli dövlətlər üçün strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu ifadə edirlər.

Daha sonra mühazirə ilə çıxış edən Milli Məclisin deputatı Kamran Bayramov bildirdi ki, Azərbaycanda 1993-cü ildən bəri milli birlik - vətəndaş həmrəyliyi siyasəti yürüdülür və bunun da nəticəsində səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyi hökm sürür. Xalq birmənalı olaraq Prezident İlham Əliyevin həm daxili, həm də xarici siyasətini müdafiə edir. Dövlət də o zaman güclü olur ki, arxasında xalq dayanır. Yəni millət öz dövlətini və onun rəhbərini müdafiə edəndə, dövlət sözün həqiqi mənasında hər şeyə qadir olur. İndiki Azərbaycan reallığı məhz belədir. Ölkədə keçirilən prezident seçkilərində də seçicilərin mütləq əksəriyyətinin Azərbaycan Prezidentinin lehinə səs verməsi göstərdi ki, xalqın böyük əksəriyyəti dövlət başçısının atdığı bütün addımları dəstəkləyir. Bunun səbəbi odur ki, həmin addımlar xalqın mənafeyinə, sosial rifahının yüksəlməsinə hesablanıb. Məhz bu cür siyasətin sayəsində Azərbaycanda sabitlik hökm sürür. Dövlət başçısı da yalnız milli maraqlara söykənən müstəqil siyasət həyata keçirir. Çünki bu gün ölkəmizin inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri də genişməzmunlu islahatların həyata keçirilməsi ilə bağlıdır. Azərbaycanda prioritet sahələrin üstün inkişafının təmin edilməsinə hesablanan islahatlar həyata keçirilərkən mütləq qlobal miqyasda meydana çıxan yeni çağırışlar nəzərə alınır, eyni zamanda, mövcud daxili potensial və cəmiyyətin sosial sifarişləri əsas götürülür. Belə bir rasional vəhdətin təmin edilməsi öz növbəsində islahatların uğurla həyata keçirilməsini və bunun nəticəsi olaraq respublikamızın bütün istiqamətlərdə böyük uğurlara imza atmasını şərtləndirir.

Daha sonra kursda iştirak edən gənclərin sualları cavablandırıldı.

Qeyd edək ki, kursa Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov rəhbərlik edir.