YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elçin Əhmədov: Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Bu baxımdan, son vaxtlar, xüsusilə, fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı Ermənistan baş nazirinin sərsəm çıxışları, eyni zamanda, qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması ilə əlaqədar ictimaiyyətə yanlış formada çatdırılması bu məqsədə xidmət etməklə yanaşı, beynəlxalq hüququn norma və prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir”. Bu fikirləri “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov deyib.

E.Əhmədov bildirib ki, Ermənistan rəhbərliyinin əsas məqsədi hərbi təcavüzün məsuliyyətindən qaçmaq üçün Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə Azərbaycana qəbul etdirməyə çalışmaqdır. Ermənistanın Dağlıq Qarabağa dair ərazi iddiaları tam əsassızdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında, eləcə də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı tutarlı faktlarla sübut etmişdi.

“Prezident İlham Əliyev Ermənistanın baş nazirinin diqqətinə çatdırdı ki, erməni xalqı öz müqəddəratını artıq təyin edib, onların erməni dövləti var: “Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!” Azərbaycan Prezidenti bir daha bildirib ki, münaqişənin ədalətli həlli Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması haqqında BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrin icra edilməsindən, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən və ətraf yeddi rayonundan təcavüzə məruz qalaraq məcburən köçkün düşmüş azərbaycanlıların doğma torpaqlarına qayıtmasından və ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünün bərpasından sonra mümkündür”.

Ümumilikdə, Azərbaycan Prezidenti Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı Ermənistan baş nazirinin sərsəm və əsassız iddialarına tutarlı faktlarla cavab verdi, bir sözlə, Ermənistan rəhbərliyinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi. Azərbaycan Prezidenti Ermənistan baş nazirinin və dünya birliyinin diqqətinə çatdırdı ki, Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarını pisləməli, onun qarşısını almalıdır”-deyə, E.Əhmədov qeyd edib.