YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımızın gücü birliyidir

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Azərbaycan xalqı tarixi dövrünü yaşayır. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu Ermənistan qoşunları tərəfindən işğal edilmiş və faktiki olaraq Azərbaycan dövlətinin nəzarətindən kənarda olan Qarabağ torpaqlarını azad etdi. 44 günlük Vətən müharibəsində tariximizin heç bir dönəmində rast gəlinməyən möhtəşəm ümumxalq həmrəyliyini müşahidə etdik və bundan hədsiz qürur duyduq. Təkcə ölkə daxilində deyil, dünyada yaşayan bütün azərbaycanlıların ürəyi doğma Azərbaycanla birgə döyündü. Şübhəsiz ki, ordumuzun bu parlaq qələbələri, ən mükəmməl səviyyədə təcəssüm etdirilən xalq və dövlət vəhdətinin ərsəyə gəlməsinin əsas səbəbi, Prezident İlham Əliyevin uzun illər ərzində yürütdüyü ordu quruculuğu, daxili və xarici siyasətdə atılan uğurlu addımları təşkil edir. Gənc dövlətimizin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub.

Ümumiyyətlə, cənab İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra bütün sahələr üzrə sistemli islahatların həyata keçirilməsinə başlandı. Bu islahatlar ölkənin inkişafında vacib rol oynayırdı. Amma islahatlar nəticə etibarilə torpaqlarımızın erməni işğalından azad olunmasına hədəflənmişdi. Zaman sübut etdi ki, Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasətinin nümunəsi olan genişmiqyaslı islahatlar qarşıya qoyulan hədəfə çatdı və 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Şuşa şəhərinin işğaldan azad olunması, şəhidlərimizin intiqamının alınması ilə, bu böyük qələbəni Azərbaycan xalqına bəxş etməklə ulu öndər Heydər Əliyevin  vəsiyyəti yerinə yetirildi. Bu gün artıq Qarabağımızı və Şərqi Zəngəzuru cənnət məkana çevirmək üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Qarabağ müharibəsinin qalibi cənab İlham Əliyev bu möhtəşəm zəfəri ilə yenilməz sərkərdə və çox mahir diplomat kimi adını tarixə yazdırdı.

Hər keçən gün  artan iqtisadi gücümüz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı verib. Ölkəmiz regional iqtisadiyyatın lokomotivi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilib. Bütün bunlar Azərbaycanın regionda iqtisadi rolunu yüksəldib, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyinin güclənməsinə möhkəm zəmin yaradıb. Bu gün Ermənistan öz dövlət büdcəsini, xərclərini yalnız ianələr, onun-bunun əlinə baxmaqla formalaşdırırsa və bunun da nəticəsində dünyanın bəzi siyasi güclərinin əlində oyuncağa çevrilirsə, Azərbaycan həm daxili, həm də xarici siyasətindəki müstəqilliyini qoruyur, qəbul etdiyi qərarlar yalnız ölkəsinin milli maraqlarına xidmət edir. Artıq ölkəmizin iştirakı olmadan regionda hansısa layihənin icrasından söhbət belə gedə bilməz. Fəxarətlə deyə bilərik ki, bu gün Azərbaycan regionun lider dövləti statusunu qazanaraq öz uğurlarını sərgiləməkdədir.Həmçinin ötən bu müddət ərzində bütün sahələrdə görülən işlər, qazanılan uğurlar onu göstərir ki, Azərbaycan doğru yolda irəliləyir, Azərbaycan xalqı düzgün seçim edib.