YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlaqələr yeni mərhələdə

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

“Azərbaycan NATO-nun çoxdankı tərəfdaşıdır, biz uzun illərdir birlikdə işləyirik. Sizin təhlükəsizlik məsələlərinə verdiyiniz töhfə çox önəmlidir. Qeyd etdiyiniz kimi, Azərbaycan ordusu Əfqanıstanı sonuncu tərk edib. Hava limanını ittifaq qüvvələrinin geri çəkildiyi yerdən qorumaq missiyasını yerinə yetirib və bu, çox vacib bir vəzifə idi”.

Bu sözləri martın 17 – də Bakıda səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

Hərbi-siyasi blok olan Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq siyasi və hərbi yollarla bütün üzvlərinin azadlığını və təhlükəsizliyini müdafiə edir.

Azərbaycan - NATO münasibətləri 1992-ci ilin martında Azərbaycanın bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə formalaşmağa başlayıb. Azərbaycan nümayəndə heyəti ilk dəfə olaraq 1992-ci ilin oktyabrında Türkiyədə NATO üzvü olan ölkələrin seminarında iştirak edib və NATO-nun Baş katibi Manfred Vernerlə görüşüb. 1993-cü ilin fevralında Azərbaycan nümayəndə heyəti Brüsseldə NATO-nun Avropa təhlükəsizliyi problemləri üzrə keçirdiyi konfransda iştirak edib. 1996-cı il aprel ayının 23-də yenidən Brüsselə səfər edən Azərbaycan Prezidenti Heydər Əliyev "Sülh naminə tərəfdaşlıq" sənədinə qoşulmaq barəsində təqdimat sənədini NATO-nun Baş katibi Xavyer Solanaya təqdim edib.

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik və məqsədyönlü siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev də respublikamızın NATO ilə əməkdaşlığının inkişaf etdirilməsinə böyük önəm verir. Azərbaycan Prezidenti İlham Əliyevin NATO rəhbərliyi ilə keçirdiyi müxtəlif səviyyəli görüşlər də bunu sübut edir. 2004-cü ilin iyununda Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun İstanbul sammitində çıxış edib. Prezident İlham Əliyevin NATO-nun İstanbul zirvə toplantısında iştirakı, sammit çərçivəsində aparılan müzakirə və danışıqlar ölkəmizin Şimali Atlantika İttifaqı ilə tərəfdaşlıq münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlandığını göstərib. Azərbaycan Prezidenti Avropaya və Avroatlantik strukturlara inteqrasiya siyasətinin davam edəcəyini qeyd etməklə yanaşı, ölkəsinin üzləşdiyi aqressiv separatizmlə mübarizədə Avroatlantika alyansından dəstək gözlədiyini də nəzərə çatdırıb.

Xarici ölkələrlə dostluğa və beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verən Azərbaycan xarici siyasət kursunda beynəlxalq təşkilatlarla münasibətlərin qurulmasını və inkişaf etdirilməsini prioritet istiqamətlərdən biri hesab edir. Məhz belə siyasi kursun nəticəsi olaraq da Azərbaycan bu gün dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının fəaliyyətində yaxından iştirak edir. Bu mənada Azərbaycan-Nato əlaqələrini xüsusi qeyd etmək olar. Azərbaycan və NATO arasında praktiki əməkdaşlığın əsas istiqamətlərini müdafiə və təhlükəsizlik sektorunda islahatlar, beynəlxalq əməliyyatlarda iştirak, fövqəladə hallara hazırlıq, təhlükəsizliklə əlaqəli olan elmi və ekoloji məsələlər və ictimai diplomatiya təşkil edir. Qarşılıqlı əməkdaşlıq şəraitində davam edən bu əlaqələr hal-hazırda yüksələn xətt üzrə inkişaf edir. Ölkəmizin regional və qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi çıxış etməsi və bütövlükdə sabitliyə və təhlükəsizliyə verdiyi dəyərli töhfə qurum tərəfindən yüksək qiymətləndirilir. Regionun lider dövlətinə çevrilən Azərbaycanla əməkdaşlığa böyük maraq göstərən nüfuzlu təşkilatlardan biri kimi NATO son illər ölkəmizlə əlaqələrin daha da intensivləşdirilməsi üçün mühüm addımlar atır. Ölkəmizin siyasi, iqtisadi, hərbi potensialının ildən ilə artması və bölgədə lider statusuna malik olması Azərbaycan NATO əlaqələrinin yeni mərhələdə uğurla inkişafı qarşıda daha böyük perspektivlər açır.