YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlaqələrin genişləndirilməsi vacib amil kimi diqqət mərkəzindədir

“Ümummilli Lider Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının Rusiyaya ardıcıl rəsmi səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmi təsdiqləyir. Xüsusi vurğulanmalıdır ki, SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Azərbaycan-Rusiya münasibətləri bu gün  dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq dinamik inkişaf edir. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Vaxtilə Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Müstəqillik illərində bu əlaqələr daha da inkişaf edib. Siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir. Xüsusilə ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, 260 sənədi əhatə edən geniş hüquqi baza və mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır. Ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, dövlət sərhədindən yük daşımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması və digər istiqamətlərdə görülən tədbirlər nəticəsində Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilib.

Millət vəkilinin fikrincə, aprelin 22-də Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına yeni töhfələr verəcək. Səfər çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubiley tədbirində iştirakı Ulu Öndər Heydər Əliyevin bu nəhəng layihənin ərsəyə gəlməsində mühüm xidmətlərinin yad olunması ilə yanaşı, dövlətlərimizin və xalqlarımızın əməkdaşlığının və dostluğunun da növbəti ifadəsidir.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin görüşdə iştirakından məmnunluğunu bildirib və qeyd edib ki, Heydər  Əliyev BAM-ın tarixində müstəsna, böyük rol oynayıb. Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Baykal-Amur Magistralının tikintisinə rəhbərlik edib və bu çətin layihənin həyata keçirilməsi üçün əlindən gələni əsirgəmirdi. Rusiyanın dövlət başçısı onu da diqqətə çatdırıb ki,  Heydər Əliyevin dəstəyi ilə azərbaycanlı layihəçilər və inşaatçılar BAM-ın tikintisi zamanı stansiya kompleksləri olan iki qəsəbə - Ulkan və Anqoyanı salıblar və hazırda Xabarovsk diyarında və Yakutiyada Baykal-Amur Magistral xəttinin hissələrinin yenidən qurulması və müasirləşdirilməsində iştirak edirlər. Azərbaycan Prezidenti İlham Əliyev isə vurğulayıb: “Bu gün biz iki ildən artıqdır ki, müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində həyata keçirilən əməkdaşlığımızın bir çox planlarının icra edilməsi məsələlərini müzakirə etdik. Əlbəttə, Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. Çünki o, Moskvada bu binada, Kremldə işlədiyi illərdə sovet dövlətinin və ona tapşırılan sahənin inkişafına rəvac vermək üçün böyük səylər göstərib”.

 Pərvin Kərimzadə qeyd edib ki,  nəqliyyat infrastrukturu tarixin bütün dövrlərində hər bir dövlət üçün böyük əhəmiyyət daşıyıb. İqtisadiyyatın və ticarətin inkişafı həmişə yolların rəvanlığından asılı olub. Sovet İttifaqı vaxtilə dünyanın ən böyük ölkəsi idi və ərazisi Avropa qitəsindən başlayaraq uzaq Şərqdə bitirdi. Bu böyük əraziyə nəzarət etmək, təhlükəsizliyini təmin etmək, əyalətlərlə mərkəzi birləşdirmək, regionların əlaqəsini yaratmaq və iqtisadi səmərə götürmək üçün Baykal-Amur Magistralı (BAM) kimi dəmir yoluna böyük ehtiyac olub.

Baykal-Amur Magistralı bu günədək dünyada həyata keçirilən ən böyük nəqliyyat layihələrindən biridir. Dəmir yolu indiki kimi yeni texnologiyaların, müasir texniki avadanlıq və maşınların olmadığı zamanlarda, yalnız insan təfəkkürünün və əməyinin gücü ilə inşa edilib. Bu nəhəng nəqliyyat layihəsi keçmiş SSRİ respublikasını birləşdirirdi. Bu gün isə müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Hazırda hər iki ölkənin fəal əməkdaşlığı ilə  böyük nəqliyyat layihələri həyata keçirilir, “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi yaradılır. Bütün bunlar Azərbaycanla Rusiya arasında təkcə iqtisadi deyil, siyasi, humanitar, mədəni və digər sahələrdə də əlaqələrin dinamik inkişaf etdiyini təsdiqləyir.