YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlığımız bugünkü reallığa və strateji hədəflərə əsaslanır

Ülvi Fərzəliyev

YAP Neftçala rayon təşkilatının sədri

Həyata keçirdiyi balanslaşdırılmış və düşünülmüş xarici siyasət sayəsində əksər ölkələrlə yaxşı münasibətlərə malik olan Azərbaycan tarixən mədəni, humanitar, iqtisadi əlaqələrin mövcud olduğu şimal qonşusu Rusiya ilə də yüksəksəviyyəli münasibətlər qurub. İki ölkə prezidentləri İlham Əliyev və Vladimir Putin arasında möhkəm dostluq münasibətləri isə həm də Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə və daha da dərinləşməsinə əlavə stimul verir.

Aprelin 22-də Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri də iki ölkə arasındakı dostluq münasibətlərinin daha bir ifadəsi oldu.  “Bu gün sevindirici haldır ki, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır”, - deyə görüşdə dövlət başçısı İlham Əliyevin diqqətə çatdırdığı kimi, hazırda Rusiya ilə Azərbaycan arasında hərtərəfli yüksəksəviyyəli əlaqələr mövcuddur və bu, günbəgün daha da inkişaf edir.

Vaxtilə Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması ölkələrimiz
arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Ulu Öndər Heydər Əliyev amili isə dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. Məhz Ümummilli Liderin xüsusi səyləri nəticəsində qısa müddətdə iki ölkə arasında münasibətlər özünün ən yüksək səviyyəsinə çatmış, 1997-ci ildə “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” müqavilə və 2002-ci ildə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” kimi xeyli mühüm sənədlər imzalanmışdır. 

Ulu Öndər Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev də Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır. Azərbaycan Prezidentinin 2004-cü ilin əvvəllərində Rusiyaya ilk rəsmi səfəri bu baxımdan əlamətdar olub. Dövlətimizin başçısının Rusiyaya ardıcıl rəsmi səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmi təsdiqləyir. Xüsusi vurğulanmalıdır ki, SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb. Azərbaycan-Rusiya münasibətlərinə yaxın tariximizin ötən üç onilliyi çərçivəsində nəzər saldıqda münasibətlərin qarşılıqlı gərginlikdən qarşılıqlı əməkdaşlığa necə keçid aldığını müşahidə etmək heç də çətin deyil. Son 20 il ərzində Azərbaycan-Ermənistan-Rusiya üçbucağında balansın əhəmiyyətli dərəcədə ölkəmizin xeyrinə dəyişməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin milli maraqlara söykənən siyasi-diplomatik gedişlərinin nəticəsidir. Belə bir uğur hələlik Rusiya ilə münasibətlərinin mürəkkəb olduğu heç bir ölkəyə nəsib olmayıb. Ona görə də bugünkü Rusiya-Azərbaycan münasibətlərini qarşılıqlı faydaya əsaslanan geniş spektrli əməkdaşlıq və hətta müttəfiqlik münasibətləri adlandırmaq olar. Belə ki, 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni - müttəfiqlik səviyyəsinə qaldırıb.

Rusiyaya işgüzar səfər çərçivəsində Prezident İlham Əliyev bildirib ki, tarixin yaddaqalan bu məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir: “Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada, Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik”. Dövlət başçısı regional təhlükəsizlik məsələlərinin həmişə ikitərəfli görüşlərin gündəliyində olduğunu deyib: “Biz, həmçinin şadıq ki, onlar öz həllini tapır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Biz qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq”. Cənab Prezidentin söylədiyi yuxarıdakı fikirlər əməkdaşlığımızın səviyyəsi ilə yanaşı, Azərbaycanın region, dünya siyasətində rolunun artdığını da bir daha təsdiq edir.