YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mühüm addımlar atılır

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Aprelin 23-də Bakıda – ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirildi və dövlət başçısı İlham Əliyev forumda çıxış edib, sualları cavablandırdı.

Prezident İlham Əliyev tədbir iştirakçılarının suallarını cavablandırarkən COP29-un Azərbaycanda keçirilməsinin münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsi olduğunu xüsusi qeyd etdi.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbulu tarixi hadisə olmaqla yanaşı, ölkəmizə beynəlxalq müstəvidə olan etimadın göstəricisidir. 2024-cü ilin 11-24 noyabr tarixlərində Bakıda keçiriləcək konfransda dünyanın 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfər nümayəndə heyətinin Bakıya gəlməsi gözlənilir.

COP 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində Ali qərarların verilməsi üçün yaradılmış qurumdur. Konvensiyaya tərəfdaş olan, onu ratifikasiya edən 198 ölkə COP-da təmsil olunur. COP-un missiyası konvensiyadan irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir. Bu tələblər əsasən qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaqdır. Konvensiyanın ali məqsədi isə iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir. Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını "Yaşıl enerji" zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur.

COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanı bir daha dünyanın mərkəzinə gətirəcək və Azərbaycan son illərdə əldə etdiyi böyük uğurları daha böyük miqyasda təkrarlayacaq. Cənab Prezident öz çıxışında həm də regional təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın atdığı addımlardan, tarixi Zəfərimizin reallıqları əsasında dünya siyasətində baş verən yeniliklərdən də bəhs etdi. Eyni zamanda Azərbaycanın bölgədə sülhə və sabitliyə qarant dövlət olduğu da belə bir tədbirlə bir daha təsdiqlənir. Azərbaycan Qlobal iqlim dəyişikliyi ilə bağlı mühüm addımlar atır. Azərbaycan bir neçə ildir ki, Qlobal İqlim dəyişikliyi ilə bağlı lahiyələr həyata keçirir.