YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sarsılmaz dostluq münasibətləri

Arif Fərzəliyev

YAP Cəbrayıl rayon təşkilatının sədri

Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir. Artıq uzun müddətdir ki, ölkəmiz bütün türkdilli dövlətlər arasında səmimi dostluq və qardaşlıq münasibətlərinin formalaşması, eləcə də qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsi istiqamətində önəmli addımlar atır. Təbii ki, bu əlaqələrin inkişafını stimullaşdıran əsas amillərdən biri də ölkələrin dövlət başçıları səviyyəsində baş tutan səfərlərdir. O cümlədən Azərbaycan və Qırğızıstan arasında ölkə rəhbərləri səviyyəsində hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb. Bu görüşlərin hər biri qarşılıqlı fəaliyyətin, ünsiyyətin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından son dərəcə əhəmiyyətli və dəyərlidir.

Bu baxımdan Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də Azərbaycan etdiyi səfər xüsusi önəm kəsb edir. Səfər çərçivəsində keçirilən görüş və müzakirələrin nəticələri də ölkələrimiz arasında ikitərəfli qarşılıqlı fəaliyyətin böyük perspektivləri olduğunu deməyə əsas verir. Azərbaycan-Qırğızıstan sənədlrinin imzalanması mərasimindən sonra hər iki ölkənin Prezidentlərinin mətbuata verdikləri bəyanatda  Azərbaycan və Qırğızıstanın dost və qardaş dövlətlər olduğu xüsusi vurğulandı. Qeyd olundu ki, bu gün Azərbaycan-Qırğızıstan münasibətləri həqiqətən də artıq keyfiyyətcə tamamilə yeni bir səviyyəyə çatıb. Öz çıxışında Prezident İlham Əliyev bildirdi ki, ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin gündəliyi kifayət qədər genişdir. Dövlətlərarası Şuranın ikinci iclasının uğurlu keçməsi və imzalanmış sənədlər qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək.

Diqqətəlayiq haldır ki, son iki ildə ölkələrimiz arasında ticarət dövriyyəsi dəfələrlə artıb və bu potensialın artması tendensiyası da mövcuddur. Həmçinin Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə artıb. Lakin Prezident İlham Əliyev bunun son hədd olmadığını qeyd etdi və bildirdi ki, müvafiq hökumət strukturlarına birgə investisiya fondu çərçivəsində layihələrin həyata keçirilməsi mexanizmini daha tez reallaşdırmaq üçün tədbirlər görülməsi barədə tapşırıqlar verilib. Eyni zamanda investisiya siyasəti üzrə digər formalara da müraciət olunacaqdır. Artıq İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyələşdirdiyi beşulduzlu otelin tikintisinə başlanılıb.

Qırğızıstan Prezidentinin Azərbaycana səfəri çərçivəsində baş vermiş önəmli hadisələrdən biri də 24 aprel tarixində Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılışı oldu. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirdi ki, qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsinin açılışı dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq. Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı Aytmatovun yaradıcılığını kifayət qədər yaxından tanıyır və onu sevir. Bu gün bütün Türk dünyası Çingiz Aytmatovun timsalında öz layiqli nümayəndəsi ilə fəxr edir.