YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub

“Azərbaycanın uğurlu xarici siyasəti dövlətimizin beynəlxalq müstəvidə nüfuzunu və mövqelərini davamlı olaraq gücləndirir. Qloballaşan dünyanın mühüm siyasi mərkəzlərindən biri olan Almaniya əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lider dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə, respublikamızın avrostrukturlara daha dinamik inteqrasiyasına ciddi maraq göstərir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu təqdir edir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Azərbaycan Prezidenti İlham Əliyevin 25-26 aprel tarixlərində  Almaniyaya işgüzar səfəri iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı dövlətimizin başçısının həm Almaniya Prezidenti Frank Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşü keçirilib, ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

Millət vəkilinin sözlərinə görə, Almaniya ölkəmizin Avropa İttifaqı məkanında ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Respublikamız bu ölkə ilə əlaqələrin inkişafına ciddi önəm verir. Azərbaycandakı davamlı siyasi sabitlik və əlverişli investisiya mühiti Almaniyanın işgüzar dairələrinin ölkəmizə artan marağını şərtləndirən əsas amillər qismində çıxış edir.  Sənaye, tikinti, bərpaolunan enerji, kənd təsərrüfatı, nəqliyyat, logistika, İKT, maliyyə, hüquq, konsaltinq və digər sahələrdə əməkdaşlıqda maraqlı olan alman şirkətlərinin ölkəmizə böyük nümayəndə heyəti ilə səfəri Azərbaycan Prezidentinin Almaniyaya səfəri çərçivəsində işgüzar dairələrlə keçirdiyi görüşün nəticəsidir və iqtisadi-ticarət əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayacaq.  Qeyd edək ki, 2023-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 45,4faiz artaraq 1,8 mlrd. ABŞ dolları təşkil edib. Hazırda Azərbaycanda 180-ə yaxın alman şirkəti uğurla fəaliyyət göstərir.  Mövcud geosiyasi gərginliklər fonunda Avropa enerji təhlükəsizliyi baxımından çətinliklərlə üzləşib. Azərbaycan isə həm zəngin enerji resurslarına, həm də Avropayadək uzanan müasir nəql marşrutuna malikdir. Bu kimi səbəblərə görə də Almaniya Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasınada artan rolunu yüksək dəyərləndirir.

Pərvin Kərimzadə qeyd edib ki, dövlət başçısının Almaniyaya səfəri çərçivəsində Cənubi Qafqaz regionundakı mövcud vəziyyət də geniş müzakirə olunub. Cənab Prezident Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarının önəmini vurğulayıb.  biz yüksək qiymətləndiririk.  Dövlətimizin başçısı Almaniyanın Federal Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında bildirib: “Cənab Kansler, Sizin dəvətinizlə Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu yaxınlarda Almaniyada görüşmüşlər. Almaniyanın xarici işlər naziri xanım Berbok da öz dəstəyini göstərmişdir. Növbəti görüş Qazaxıstanda keçiriləcək və beləliklə, biz sülh sazişinin imzalanmasına doğru əlavə addımlar atırıq. Azərbaycan 2020-ci ildə öz suveren ərazisinin böyük hissəsini işğaldan azad etmişdir. Keçən ilin sentyabr ayında isə suverenliyini tam bərpa etmişdir. Bu gün Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib. Təbii ki, bu, tarixi nailiyyətdir və onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmaq fikrində deyildi. Biz beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, BMT Nizamnaməsinin 51-ci maddəsinə söykənərək öz ərazi bütövlüyümüzü hərbi-siyasi yollarla təmin etdik. Bu gün isə artıq Azərbaycanla Ermənistan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesi də başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılır. Onu da bildirməliyəm ki, Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini bu gün səhər dayandırmışdır, buna artıq ehtiyac duyulmur”.

YAP İdarə Heyətinin üzvü deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin  Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etməsi dövlətimizin başçısının beynlxalq müstəvidə yüksək nüfuzunun göstəricisidir. Tədbirdəki çıxışında cənab Prezident ölkəmizin enerji siyasəti, xüsusilə alternativ enerjiyə keçid istiqamətində fikirlərini səsləndirdi. Dövlətimizin başçısı vurğulayıb ki, COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan qlobal tədbirə hazırlığın fəal mərhələsindədir. Almaniyanın Kansleri O.Şolts iqlim dəyişikliyi ilə bağlı 2030-cu ilə qədər dünyada əsaslı irəliləyişə nail olunacağına əminliyini vurğulayıb. O, qarşıda duran vəzifələrin həlli üçün Azərbaycanda keçiriləcək COP29-a qədər də ardıcıl iş aparılacağını deyib: “Bakıda keçiriləcək konfransda 2025-ci ildən sonra da iqlimin maliyyələşdirilməsi əsas danışıqlar predmeti olaraq qalacaq”.  

“Beləliklə, Prezident İlham Əliyevin səfəri zamanı keçirilən görüşlər, aparılan müzakirələr Azərbaycanla Almaniya arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, qarşılıqlı əlaqələrin davamlı olaraq inkişaf edəcəyini deməyə əsas verir. COP29 ərəfəsində əlaəqlərin intensivləşməsi məmnunluq doğurur”,-deyə Pərvin Kərimzadə vurğulayıb.