YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycanda davamlı inkişafın formalaşmasında Heydər Əliyevin rolu”

Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Azərbaycanda davamlı inkişafın formalaşmasında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.

YAP Salyan rayon təşkilatında baş tutan tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov mənalı ömrünü xalqına, Azərbaycanın inkişafına, çiçəklənməsinə həsr edən, misilsiz xidmətləri ilə hələ sağlığında tarixin yaddaşında əbədiləşən böyük azərbaycanlının - Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur: “Geniş bilik və dərin təfəkkür sahibi, düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir.”

Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəis müavini Rövşən Allahverdiyev bildirib ki, Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib: “Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri olub. Cəmiyyətin xoşbəxt gələcəyini məhz təhsillə bağlı olduğunu vurğulayan Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə, təhsilin inkişafına, təhsil şəbəkələrinin genişləndirilməsinə, yeni-yeni məktəb binalarının tikilib istifadəyə verilməsinə, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyasına, Azərbaycan gənclərinin dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almalarına diqqət və qayğı ilə yanaşmış, dövlət-təhsil siyasətinin əsaslarını yaratmışdır. Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyev irsinin layiqli davamçısı kimi təhsilin inkişaf strategiyasının uğurla davam etdirilməsi sayəsində Azərbaycan təhsili bu gün sözün əsl mənasında özünün yüksəliş dövrünü yaşayır.”

Tədbirdə çıxış edən partiya fəalları bildiriblər ki, Heydər Əliyevin adı və şərəfli həyatı öz Vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə və dövlətə xidmətin misilsiz nümunəsi kimi əsrlər boyu yaşayacaq, Azərbaycanın indiki və gələcək nəsilləri üçün əbədi örnək olacaqdır. Ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi, xalqımızın milli dəyərlərinin qorunması Heydər Əliyev dühasının bəhrəsidir.

Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup təhsil işçisinə təşəkkürnamə, YAP sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.

Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.

DİGƏR Xəbərlər Arxiv