YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

1993-cü ildən başlanan yol Azərbaycanı daha da zirvələrə ucaldacaq, Zəfərlər qazandıracaq

“Dövlət başçısı İlham Əliyevin “Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi. O, hətta özü üçün ən çətin dövrlərdə, artıq son illərdə fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə də hər zaman hər birimizə nümunə göstərirdi. Hər birimiz, o cümlədən mən onun sağlığında da və yoxluğunda da onun kriteriyalarına uyğun hərəkət etməyə çalışırıq. Bu gün bizi qabağa aparan məhz budur - onun xatirəsinə hədsiz hörmət və onun mirasına olan münasibət. Onun mirası da bu gün müstəqil Azərbaycandır” fikirləri dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin aydın ifadəsini yaratmaqla yanaşı, hər birimizin qarşısında bu mirası qoruyub saxlamağı vəzifə kimi qoyur. Ümummilli Liderin zəngin idarəçilik təcrübəsi, Vətəninə, xalqına sevgisi Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas etdi, inkişaf, tərəqqi yoluna çıxardı. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadıqları yaddaşlardadır. Ölkəmiz müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə çətin günlərdə Ulu Öndər Heydər Əliyev xalqının səsinə səs verdi, Naxçıvandan Bakıya gəldi. Bu gəliş xalqın sabaha ümidini bərpa etdi. Bütün ömrünü Azərbaycanın işıqlı gələcəyinə həsr edən, “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” söyləyən Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyi üçün yaranan təhlükəni aradan qaldırdı.  Bununla da ölkəmiz vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. 1993-cü il 15 iyun tarixində Ulu Öndər  Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri secildi. Beləliklə, 15 iyun Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın təkidli tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda 15 iyun tarixini Milli Qurtuluş Günü kimi rəsmiləşdirdi. Xalqımı­zın nicatı və milli dövlətçiliyimizin xilası məhz bu tarixdən başladı. Onun xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra səsləndirdiyi “ Biz bu çətin günləri keçib gedəcəyik. Müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq. Hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir” fikri Azərbaycanın uğurlu gələcəyinə inamın təqdimatı oldu. Məhz bu inam bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır.” Bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov bildirib.

Millət vəkili qeyd edib ki,  düşünülmüş və məqsədyönlü siyasəti ilə ölkədə sabitliyi yaradan Ulu Öndər Heydər Əliyev “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisini irəli sürdü: “İqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi uzaqgörən siyasətinin nəticəsi idi. Məhz bu gün  də Azərbaycan xalqı  neft strategiyasının uğurlarını öz həyatında hiss edir. Ölkəmizin iqtisadi imkanları artır. “Əsrin müqaviləsi”ndən bu günədək reallığa çevrilən  və icrası davam edən layihələrə diqqət yetirmək kifayətdir. Eyni zamanda, Azərbaycanın uğurlu enerji siyasəti beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasında da öz sözünü deyir. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması da bunun bariz nümunəsidir. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanır. Neft-qaz gəlirlərinin səmərəli istifadəsi xalqın rifah halının yaxşılaşdırılmasına xidmət edən addımların miqyasının genişlənməsi ilə müşayiət olunur. Daim xalqına güvənən, onun gücünə, müdrikliyinə arxalanan Ümummilli Lider iqtisadi islahatların əsasında vətəndaş amilini saxlamaqla, sosial problemləri aradan qaldırdı.”

Nurlan Həsənov vurğulayıb ki, hər bir inkişafın təməlində iqtisadi tərəqqi dayanır: “Ümummilli Lider hələ hakimiyyətinin birinci dövründə ölkəmizin gələcək iqtisadi inkişafının təmin edilməsi üçün mühüm baza yaratmışdı. Azərbaycan keçmiş İttifaqın ən qabaqcıl ölkələri sırasında yer tutmuşdu. Ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. 1971-ci ildə Ulu Öndərin səyləri nəticəsində Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması hərbi kadrların yetişdirilməsinə stimul oldu. Hazırda orduda xidmət edən zabitlərin böyük əksəriyyəti həmin liseyin yetirmələridir.”

Millət vəkili onu da vurğulayıb ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi: “Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu yüksək  qiymətləndirən dahi şəxsiyyət Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzaladı. Belə ki, ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə imzaladığı Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Yaradılmış yeni Nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi. Ulu Öndərin 1997-ci ildə imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi və həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlandı.”

Nurlan Həsənov bildirib ki, Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyası ölçüyəgəlməzdir. Hər bir sahədə davamlı uğurlara imza atıldı. 2003-cü ildən Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Ümummilli Liderin ən böyük arzusunun gerçəkliyə çevrilməsində özünün aydın ifadəsini tapdı. Tarixi Zəfərimiz Azərbaycanın bütün sahələrdə malik olduğu imkanların təqdimatı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı. Ötən il Silahlı Qüvvələrimizin həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Dövlət başçısı İlham Əliyevin böyük qürur hissi ilə qeyd etdiyi kimi, biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!

Millət vəkili vurğulayıb ki, işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli Bayrağımızın dalğalanması, Şuşada, Xankəndidə  Novruz tonqallarının alovlanması, “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsinin bərpası, Şuşadan muğamlarımızın səslənməsi, mədəniyyət paytaxtımızın diplomatik mərkəzə çevrilməsi, dünya azərbaycanlılarının Şuşada bir araya gəlməsi, Xankəndidə  Zəfər paradının keçirilməsi, müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən prezident seçkilərində cənab İlham Əliyevin  ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səsverməsi, bu il Xocalı soyqırımının 32-ci ildönümünün Xocalı şəhərində qeyd edilməsi və sair kimi  sadalamaqla bitməyən  biri-birindən mühüm hadisələr  Heydər Əliyev siyasətinin təntənəsidir. 1993-cü ildən başlanan yol Azərbaycanı daha da zirvələrə ucaldacaq, Zəfərlər qazandıracaq.